Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu əsaslı təmir edilir
Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu əsaslı təmir edilir.
APA TV-nin xəbərinə görə, iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 11 kilometr, eni 5 metrdir, torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 7-10 metr arası dəyişir. Aparılan işlər çərçivəsində zəruri olan yerlərdə yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə yeni çiyinlər qurulub.
Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, yeni su keçidi inşa olunub.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, yolun əsaslı təmir olunması nəticəsində Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz şəkildə çıxış təmin olunacaq.