Fransanın dövlət naziri: "Biz tərəf tutmuruq, hər iki ölkənin dostuyuq"

“Fransa Avropa İttifaqı ilə Azərbaycan arasında razılaşmanın əldə olunması üçün dəstək verməyə hazırdır”. APA TV-nin xəbərinə görə, bunu Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib.

 

O qeyd edib ki, Fransa və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çox yüksək səviyyədədir: “İki ölkə arasında iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əməkdaşlıq davam edir. Biz əsasən kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlığa diqqəti yönəltmək istəyirik”.

 

Nazir bildirib ki,  Fransanın bəzi şəhərlərinin Dağlıq Qarabağla əlaqələr qurması həmin şəhərlərin səlahiyyətləri çərçivəsindədir. Amma Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəf tutmur: “Biz hər iki ölkənin dostuyuq”.

 

Qeyd edək ki, bu gün Azərbaycanda səfərdə olan Fransa xarici işlər və beynəlxalq inkişaf nazirinin Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir Bakı Fransız Liseyi ilə tanış olub.


Liseylə tanışlıqdan sonra Strasburq Universiteti (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Fransız-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma Memorandumu imzalanıb.  Memorandumu Fransa tərəfdən Harlem Desir, Azərbaycan tərəfdən isə təhsil naziri Mikayıl Cabbarov imzalayıb.

Müəllif | Apa.Tv
Apa.tv