Çavuşoğlu: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"
"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir". APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir: "Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz həmişə Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi, yəni Azərbaycan torpaqlarının işğalı məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Çavuşoğlu Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolu olmasına dair Rusiya rəsmilərinin iddialarına cavab verib: "Rusiya rəsmilərinə cavab verəsi deyiləm. Bu kimi iddiaları da yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub. Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb "qardaş Azərbaycana hücum edin!" dedik? İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimin pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz. Qarabağ münaqişəsinin yaranmasında məsuliyyət daşıyan şəxslərdən müsbət yanaşma və ya siyasi həll gözləmək çox böyük nikbinlik olardı".