Azərbaycan prezidenti: “Ermənistan BMT qətnamələrinə məhəl qoymur”

Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışı olub.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, o cümlədən dünyanın 140 ölkəsindən dəvət olunmuş qonaqlar mərasimdə iştirak ediblər.

 

Forumun açılışında nitq söyləyən Prezident İlham Əliyev qonaqları salamlayaraq, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin böyük şərəf olduğunu, ölkəmizin multikulturalizm dəyərlərini uğurla yaydığını deyib. Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və İspaniyanın keçmiş baş naziri Xose Luis Rodrigez Sapateroya təşəkkür etdi. “Azərbaycan əsrlər boyu mədəniyyətlər və dinlərin qovuşuğunda yerləşib, ölkəmiz Şərq ilə Qərb arasında mədəni körpü rolunu oynayıb”, - deyən prezident İlham Əliyev tolerantlığın və multikulturalizmin Azərbaycanda hər zaman hökm sürdüyünü, bunun bizim böyük zənginliklərimizdən biri olduğunu və bu tarixin bizi fərəhləndirdiyini vurğulayıb. Dövlət başçısı deyib ki, 743-cü ildə ən qədim məscidlərdən biri Şamaxıda tikilib, torpağımızda qədim Alban kilsələri olub. Bu gün ölkəmizdəki məscidlər, katolik və pravoslav kilsələri təmir olunur və qorunur. Bu da onu göstərir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir.

 

Prezident İlham Əliyev bildirib ki, 2008-ci ildə Azərbaycanın irəli sürdüyü təşəbbüslə Bakıda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının bir çox tədbirləri baş tutub. Ötən il ilk Avropa Oyunları keçirilib, gələn il isə paytaxtımız İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

 

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun multikulturalizm dəyələrinin təzahürü olduğunu deyən prezident İlham Əliyev vurğulayıb ki, dünyanın siyasi xadimləri bu müsbət dinamikaya dəstək verməlidirlər. Azərbaycanın bir çox beynəlxalq təşkilatlarda fəal iştirak etdiyini, 2011-ci ildə ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini deyən dövlət başçısı ötən dövrdə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regional inkişafa töhfə verdiyini, müstəqillik illərində mühüm dövlət təsisatlarının formalaşdığını, bütün azadlıqların təmin edildiyini, siyasi və iqtisadi islahatların aparıldığını diqqətə çatdırıb.

 

Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın ölkəmizin BMT tərəfindən tanınan ərazi bütövlüyünü pozduğunu, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyini dedi, xalqımızın etnik təmizləməyə məruz qaldığını, Xocalı soyqırımının törədildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, işğal olunan ərazilərdə hər şeyin dağıdıldığını bildirib. “Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinə məhəl qoymur”, - deyən dövlət başçısı vurğulayıb ki, məsələnin həlli ilə əlaqədar Ermənistana beynəlxalq təzyiq göstərilməli, münaqişə beynəlxalq hüququn normaları çərçivəsində nizama salınmalıdır.

 

Prezident İlham Əliyev onu da deyib ki, ölkəmiz inkişaf edir. Son illərdə işsizliyin və yoxsulluğun azaldılması ilə bağlı ciddi tədbirlər görülüb, təhsil və səhiyyə problemləri uğurla həll olunub, gender bərabərliyinin təmin olunması, ekoloji problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilib. Ölkəmizin nəhəng enerji və nəqliyyat layihələrinin müəllifi və iştirakçısı olduğunu deyən Prezident İlham Əliyev çıxışının sonunda Forumun işinə uğurlar arzulayıb.

 

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir bu Forumu qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı liderliyini xüsusi qeyd edən əl-Nasir bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm addımdır. Ona görə də Bakı bu tədbirin keçirilməsi üçün ən münasib yerdir.

 

BMT-nin baş katibi Pan Gi Mun videomüraciətində Bakıda bu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlıq edib. Hazırda dünyanın və insanların ciddi böhranlar dövrü yaşadığını deyən baş katib ayrı-seçkiliyin və təcridolunmanın yalnız ekstremist arzuların yayılmasına xidmət etdiyini deyib və bu problemlərin həllində bütün cəmiyyətləri birgə səy göstərməyə çağırıb. Budəfəki Forumun mövzusunun BMT-nin 2030-cu ilədək elan etdiyi məqsədlərə uyğun olduğunu deyən Pan Gi Mun diqqəti bütün münaqişələrin sülh yolu ilə həllinin vacibliyinə cəlb edib.

 

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo göstərilən qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bakının böyük İpək Yolu üzərində yerləşməklə əsrlər boyu ideyalar mübadiləsi və ticarət mərkəzi rolunu oynadığını deyən nazir bu baxımdan Azərbaycan paytaxtını bütün dövrlərin informasiya mərkəzi kimi xarakterizə edib və bu səbəbdən budəfəki Forumun burada təşkilinin təbii olduğunu deyib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Bakıya gəlməkdən məmnun olduğunu deyərək, bu Forumun 2016-cı ilin “Multikulturalizm ili” elan edilən Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxundu. Hazırda Sivilizasiyalar Alyansının BMT-nin ən önəmli qurumlarından birinə çevrildiyini deyən Türkiyə prezidenti Alyansın məqsədlərinə nail olunması istiqamətində görülən işlərin hələ də yetərli olmadığını bildirib. Qeyd edib ki, dünyanın müxtəlif yerlərində baş verən qanlı toqquşmalar və terror aktları hələ də bizə çox işləməyin vacibliyini xatırladır. O, dünyada İslam dininə qarşı yönələn yanlış fikirlərin və təhdidlərin yolverilməz olduğunu, terror təşkilatlarını İslamla əlaqələndirməyin qətiyyən doğru olmadığını diqqətə çatdırıb. Rəcəb Tayyib Ərdoğan dedi ki, bütün təhdidlərin qarşısı ancaq ortaq mübarizə sayəsində alına bilər və terrora qarşı qlobal mübarizə günümüzün ən vacib məsələlərindən biridir.

 

Türkiyə dövlətinin başçısı çıxışının sonunda Forumun işinə uğurlar arzulayıb.

 

Forum işini plenar və bölmə iclasları, BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli toplantısı ilə davam etdirir.

Müəllif | Apa.Tv
Apa.tv