BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı Bəyannaməsi qəbul edilib
“Zorakı ekstremizm ümumbəşəri bir problemdir, ona görə də Sivilizasiyalar Alyansı bu məsələyə xüsusi diqqət ayırır”. APA TV-nin məlumatına görə, bunu Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir deyib.
O bildirib ki, alyans gələcəkdə də fəaliyyət planı çərçivəsində təhsilə, gənclərə xüsusi önəm verəcək: “Qlobal risklərə qarşı əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır. BMT-nin 2030 Dayanıqlı İnkişaf Proqramında da bu məsələlər xüsusi yer alıb. Biz dünən gənclərin müdrik fikirlərini dinlədik. Eləcə də terrorizmə qarşı mübarizədə ən mühüm vasitələrdən biri icmalar arasında əməkdaşlığı, etimadı bərpa etməkdir. 2015-ci ilin dekabrından zorakı ekstremizmə qarşı mübarizə kampaniyasına sosial şəbəkələrdə milyonlarla insan qoşulub. Gənclik uğurlarımızın kökündə durur. Dünyanın taleyini dəyişməli və dəqiq şəkildə prioritetləri müəyyənləşdirib, yeni təşəbbüslər icra etməliyik”.
"Bəşəriyyət daha maarifpərvər olmalıdır" deyən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan qətiyyəti ilə seçilən kifayət qədər fədakar ölkə kimi tanınıb: “Azərbaycan körpü rolunu oynayan ölkə kimi seçilib. Azərbaycan Şərqlə Qərbin qovuşmasında yerləşir. Bu, bizim mədəniyyətin unikallığına təsir edib. Burada müxtəlif mədəniyyətlər ayrı-seçkilik olmadan dəstəklənir. Biz BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq şəraitində işləyirik. Burada bütün mədəniyyətlərə sayğı və hörmət təbliğ olunub. Bu il Azərbaycanda multikulturalizm ili elan olunub. Azərbaycan hökuməti müstəsna əlaqələrin qurulması üçün əlindən gələni edir”.
BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında söz alan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, ayrı-seçkilik, islamofobiya, ksenofobiya dünyanı ağuşuna alıb: “Bunlar ümumbəşəri dəyərlərimizi təhlükə altında qoyur. İŞİD, PKK, “əl-Qaidə” kimi terror təşkilatları həssas qruplardan öz maraqları üçün istifadə etməyə çalışır. O terror təşkilatlarının heç bir fərqi yoxdur. ABŞ-da bəzi prezidentliyə namizədlər narazılıq doğuran çıxışlar edirlər. Biz ümumi parlaq gələcək üçün tədbirlər görməliyik. Sivilizasiyalar Alyansı bu istiqamətdə mühüm platformadır. Vətəndaş cəmiyyəti də bu sahədə mühüm institutlardır. Avropa Şurası Parlament Assambleyası da mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər”.
Nazir qeyd edib ki, Türkiyə Alyansın həmtəsisçisi olaraq qarşıya qoyulan hədəflərə çatılacağına inanır.
İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo bildirib ki, müxtəlif dinlər, mədəniyyətlər arasında daha intensiv dialoqa ehtiyac var. Nazir qeyd edib ki, gənclərlə, KİV-lə iş diqqət mərkəzində olmalıdır: “Alyans xüsusilə təhsil sistemində təlimlərin keçirilməsinə önəm verməlidir. Bunun təsiri daha müsbət olacaq”.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub.
Malta Respublikasının prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin öz əksini tapdığını bildirib.