Elmar Məmmədyarov: “Avropa dəyərləri mühafizəkar ölkələrdə, Yaxın Şərqdə keçmir”

“Hərbi müdaxilənin heç də ən yaxşı cavab olmadığı ilə bağlı fikirlərə qatılıram”. APA TV-nin məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar" adlı panel müzakirəsində deyib.

 

O bildirib ki, bu məsələdə də müəyyən nüanslara diqqət yetirmək lazımdır: “Biz Avropa dəyərlərindən danışırıq. Lakin bu dəyərlər mühafizəkar ölkələrdə, Yaxın Şərqdə keçmir. Bu səbəbdən Sivilizasiyalar Alyansının əhəmiyyətini bu qədər qabardırıq. Artıq qəbul edirik ki, yaşadığımız dünyanın yenidən qurulması, yenidən formalaşması üçün müəyyən işlər görülür. Xüsusilə də sovet rejiminin dağılmasından sonra müəyyən işlər görülüb. Biz bu yenilənməni hələ də davam edirik. Amma bunun çox ağrı-acılı olacağından qaça bilmərik. Yalnız BMT-nin köməyi ilə bu işi bacararıq”.

 

Elmar Məmmədyarov İŞİD mövzusuna da toxunub: "Suriyada İŞİD sıralarına qoşulanlar arasında bizim vətəndaşlarımız da var. Onlardan bunun səbəbini soruşduqda İslamla bağlı ədalətsizliyin olduğunu düşünürlər. Biz nəticəyə deyil, səbəbin köklərinə baxmalıyıq. Belə olmadıqda, uğursuzluğa düçar olacağıq".

 

İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero deyib ki, Azərbaycan özü-özlüyündə bir sivilizasiya alyansıdır”. O, 2005-ci ildə Sivilizasiya Alyansının yaranmasına təşəbbüs göstərdiyini xatırladıb.

 

Fransanın keçmiş baş naziri və xarici içlər naziri Dominik de Vilpen isə bildirib ki, dünya zorakı ekstremizmin mahiyyətini tam anlamır: "Bu, son 10 ildə düşdüyümüz böyük tələdir. Bizim zorakı ekstremizmə cavabımız təəssüf ki, hərbi cavab olub. Bu da terrorizmi daha da gücləndirib. Biz gözlədiklərimizin əksini görürük, getdikcə coğrafiyası genişlənir. Biz dialoqa səy göstərməliyik. Mən Çinin irəli sürdüyü İpək Yolu təşəbbüsünü ən gözəl layihə hesab edirəm. Məhz iqtisadiyyatın Asiyada, Şərqdə gücləndirilməsi, infrastrukturun buralarda qurulması bu problemlərin həllinə yol açacaq. Məhz strateji iqtisadi təşəbbüslər ən yaxşı yoldur. Digər həll yolu isə güclü bir qurumdur. Artıq BMT güclü deyil. Orada islahatlar aparmaq lazımdır. Müstəqil sülhyaradıcı qüvvələri olmalıdır".

 

BMT-nin terror əleyhinə direktoratlığının icraçı direktoru Jan Pol Laborde isə bildirib ki, zorakı ekstremizmlə mübarizənin bir neçə yolu var: "BMT Təhlükəsizlik Şurası müəyyən uğurlar qazanan sənədlər qəbul edib. Lakin Sivilizasiyalar Alyansı ilə bir araya gəlib elə həll yolları ortaya qoymalıdır ki, hərbi yoldan effektiv olsun. Gənclər artıq gələcək üçün deyil, indiki zaman üçün işləməlidirlər".

 

Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib ki, beynəlxalq stabilliklə bağlı vəziyyətin düzəlməsi, münaqişələrin həlli, inklüzivlik Sivilizasiyalar Alyansının ali hədəfidir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı