“Ədalətli seçkilər uğrunda” missiyası seçkiyə hazırlığı müşahidə edib

Sabah Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək “Ədalətli seçkilər uğrunda” beynəlxalq təşkilatının müşahidə missiyasının üzvləri mətbuat konfransı keçiriblər. APA TV-nin xəbərinə görə, missiyanın Çexiyadan olan üzvü Anna Curdova bildirib ki, bu səhər tezdən Bakıda 5 seçki məntəqəsində olublar və müşahidələr göstərib ki, seçkiyə hazırlıq problemsiz, normal səviyyədədir.

 

O qeyd edib ki, sabahkı seçkiləri müşahidə etmələri ilə bağlı heç bir problem görmür. Missiyanın rəhbəri rusiyalı Sergey Mirzoyev isə deyib ki, ümumilikdə seçki prosesinə hazırlıq yüksək səviyyədə təşkil olunub: “İndiyə qədər 6 məntəqədə olmuşam. Hər şey məni qane edib. Xüsusilə seçici siyahılarının məntəqələrdə yerləşdirilməsi və hər namizədin nümayəndələrinin müşahidəsi üçün bərabər şəraitin yaradılması deməyə əsas verir ki, seçkilər problemsiz keçəcək".

 

Müşahidəçilər deyiblər ki, sabah səsvermə prosesini izlədikdən sonra təəssüratlarını bölüşəcəklər.

Müəllif | Apa.Tv
Almaz Qasımova