Quşbazların qanlı davası: 19 yaşlı oğlan qətl törətdi

Sabirabadda 19 yaşlı oğlan həmkəndlisini göyərçinə görə qətlə yetirib. APA TV-nin xəbərinə görə, ötən gecə saat 2 radələrində Sabirabadın Cəngən kəndində bıçaqlanma hadisəsi baş verib. Cəngən kənd sakini, 19 yaşlı Mirzəyev Təbriz Absət oğlu həmkəndlisi, 1985-ci il təvəllüdlü Məmmədov Vasif Akif oğlunu bıçaqla böyrəyini və aorta damarını yaralayıb. Xəstəxanaya çatdırılan gənc əməliyyat zamanı ölüb.

 

Münaqişənin hansı zəmində baş verdiyini istintaq şöbəsindən bildirməsələr də, digər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, münaqişə göyərçin quşu üstündə baş verib. Belə ki, qətli törədən Təbriz Mirzəyev bir müddət əvvəl Vasif Məmmədovun bacısı oğlunun göyərçinini oğurlayıb. Məsələni aydınlaşdırmaq üçün zəngləşən həmkəndlilərin görüşü mübahisə və qanla bitib. Hadisəni törədən Təbriz Mirzəyevin axtarışları davam etdirilir.
 

Faktla bağlı Sabirabad rayon prokurorluğu cinayət işi açıb, araşdırma aparır.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı