Tərtərdə erməni mərmiləri 6 evi dağıtdı, 11 kənd işıqsız qaldı - HADİSƏ YERİNDƏN

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin Tərtər istiqamətində yaşayış məntəqələrini hədəfə alması dinc əhaliyə ciddi ziyan vurub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, düşmənin atəşkəsi pozması nəticəsində evlər dağılıb, əkin sahələri yararsız hala düşüb.

 

Ermənilərin ağır artilleriyadan atdığı mərmilərdən biri Yuxarı Qapanlı kənd sakini Azad Kazımovun evinə düşüb. Evin dam örtüyünə düşən mərmi evin içində məişət əşyalarını deşik-deşik edib. Hadisə zamanı Azad Kazımovun ailəsi evdə olmayıb. Özü isə mərmi düşmədən evi tərk edib: "Axşam saat 9:00-dan sonra ermənilər başladılar atmağa. Mülki əhalini, yaşayış məntəqələrini vururdular. Hardasa təxminən gecə 2-nin yarısında bir neçə mərmi atdılar. Biri də bizim evin üstünə düşdü. İnsan tələfatı yoxdur, bir balaca özüm zədə almışam. Bir heyvanım yaralanıb, qonşunun da iki heyvanı. Evi də görürsünüz, yaşamaq mümkün deyil".

 

İlkin araşdırmalara görə, rayonun Qazyan, Əskipara, Seydimli və Yuxarı Qapanlı kəndlərinə mərmi düşüb. Mərmi qəlpələrinin elektrik naqillərini qırması nəticəsində 11 yaşayış məntəqəsi işıqsız qalıb.

 

Rayonun baş memarı Tofiq Kərimov APA TV-yə son statistikanı açıqlayıb: "Əskipara kəndində üç, Seydimli kəndində bir, Çıxarx kəndində bir evə ziyan dəyib. Hazırda atılan mərmilər nəticəsində zərər dəymiş evlərin bərpası məqsədilə rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilir, lazımi sənədlər hazırlanır və bərpa olunması üçün aidiyyəti yerlərə təqdim olunacaq".

 

Erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması yaz əkin işlərini də ləngidib. Əkin sahələrinə yüzlərlə mərmi düşüb. Partlamayan mərmilər əkin sahələrini təhlükəli vəziyyətə salıb.

Müəllif | Apa.Tv
Apa.tv