İranın müdafiə naziri: "Heç bir qüvvə raket sənayemizin inkişafına mane ola bilməz"

"Heç bir qüvvə İranın özünümüdafiə qabiliyyətini gücləndirməyə mane ola bilməyəcək". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri ölkənin müdafiə naziri Hüseyn Dehqan səsləndirib.

O deyib ki, misilsiz elmi potensial, infrastruktur və müdafiə sənayesinə malik ölkəsi Silahlı Qüvvələrin təchizatının ən yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi addımları atacaq. H. Dehqan bildirib ki, ölkəsinin özünümüdafiə qabiliyyətinin, xüsusən də raket sənayesinin inkişafına heç bir qüvvə əngəl törədə bilməz.

İranlı nazir eyni zamanda İsrail və Səudiyyə Ərəbistanını dünyadakı təkfirçi-sionist rejimləri dəstəkləməkdə ittiham edib. ABŞ-ın dünya siyasətində oynadığı rola da toxunan Hüseyn Dehqan rəsmi Vaşinqtonun öz maraqlarını təmin etmək üçün həyati vacib məsələlərə ikili standartlardan yanaşmasını üçüncü dünya müharibəsinin başlanmasına rəvac verəcək addım kimi dəyərləndirib.

Müəllif | Apa.Tv
Apa.tv