20 il düşmənlə üz-üzə dayanan kənddə "dördgünlük müharibə"nin nəticələri - REPORTAJ
Goranboyun 3 min nəfərədək əhalisi olan Tapqaraqoyunlu kəndi 20 ildən çox müddət ərzində Ermənistan silahlı qüvvələrinin mütəmadi atəşləri altında yaşayıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, son uğurlu əməliyyatlar nəticəsində ordumuzun bu istiqamətdəki Talış kəndi yaxınlığında yerləşən yüksəkliyi nəzarət altına alması ilə Tapqaraqoyunlu sakinləri bir qədər rahat nəfəs almağa başlayıb.
Amma kənd öz qoynunda aprel ayının ilk günlərinin dağıntılarının izlərini daşıyır. Kənddə evlərin bəzilərinin böyük dağıntıya məruz qalması düşmənin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından atəşə tutmaqdan çəkinmədiyini sübut edir. Kənd sakini, təqaüdçü Fəxrəddin Mustafayev bildirib ki, "Qrad" mərmisi onun evinə aprelin 3-də düşüb və ev tamamilə dağılıb.
Mərmi atəşləri ilə dağıdılmış evlərə kəndin müxtəlif yerlərində rast gəlmək mümkündür. Müəllim Faiq Mustafayevin evi də “qrad” mərmisi ilə dağıdılıb.
“Aprelin 3-də 3 "Qrad"la kəndi atəşə tutdular. Zərbələrdən qapı, pəncərə, ev dağıldı. Qızıl Aypara çadır verib, müvəqqəti daldalanırıq”.
Ciddi ziyan görmüş evlərin hamısının həyətində müvəqqəti daldalanacaq kimi Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin çadırları qurulub.
Yerli hakimiyyət strukturları hazırda Tapqaraqoyunlu kəndində əhalinin mülk və təsərrüfatlarına dəymiş ziyanın həcminin müəyyən edilməsi və bərpa işlərinin aparılması istiqamətində iş aparırlar.
Tapqaraqoyunlu kənd icra nümayəndəsi Abbas Allahverdiyev bildirib ki, kənddə 70 evə ziyan dəyib, 9 ev tamam dağılıb. Hazırda onların bərpa edilməsi üçün hesablama aparılır. Bu yaxınlarda təmir-bərpa işlərinə başlanacaq.
Tapqaraqoyunlu sakinləri çətin günlərin arxada qaldığına ümid edir, hətta evləri tam dağılan sakinlər belə öz yurdlarından çıxmayaraq, burada gündəlik həyat ritmini davam etdirirlər. Kənd sakini Səfər Məmmədov heç kəsin qorxmadığını bildirib.
"Hazırda öz kəndimizdəyik, Hamı öz həyət-bacasında işləyir”.