Mingəçevir-Bəhrəmtəpə yolu yenidən qurulur
“Azəravtoyol” ASC tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulmasına işlərinə başlanılıb.
APA TV-nin xəbərinə görə, ilkin mərhələdə 154 km uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.
Sözügedən hissənin uzunluğu 16,5 km-dır. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Hazırda mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndiriləcək, hərəkət hissəsinin eni 7.5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3.75 metr olacaq.
Hazırda Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır. Sözügedən hissədə Kürəkçay üzərində 1 aşırımlı, 18 paqon metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılacaq.
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.