Azərbaycan prezidenti Qətər baş nazirinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Qətər Dövlətinin baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudu qəbul edib.
APA TV-nin xəbərinə görə, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Qətər Dövlətinin göstərdiyi diqqəti yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib, Forumda iştirakına görə Ahmed bin Abdullah Al Mahmuda təşəkkürünü bildirib.
Ahmed bin Abdullah Al Mahmud Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlət başçısına çatdırıb. Qətər Dövlətinin baş nazirinin müavini Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu zamanı göstərilən diqqətə və qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Ahmed bin Abdullah Al Mahmud ölkəmizin inkişafının, Bakının gözəlliyinin və paytaxtda planlı şəkildə həyata keçirilən abadlığın, eyni zamanda, insanların yüksək əhval-ruhiyyəsinin onda dərin təəssürat yaratdığını vurğulayıb, bu münasibətlə dövlət başçısına təbriklərini çatdırıb.