Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid əl-Toraifini qəbul edib.
APA TV-nin xəbərinə görə, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid əl-Toraifi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O, Kral Salman bin Əbdüləziz Əl Səudun tapşırığı ilə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etməsindən məmnun olduğunu deyib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına bir il bundan əvvəlki rəsmi səfərini və səfər zamanı Kral Salman bin Əbdüləziz Əl Səudun ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyi məmnunluqla xatırladığını bildirib. Dövlət başçısı bu səfəri iki dost ölkə arasında güclü əlaqələrin göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Səudiyyə Ərəbistanının yaxın dost və tərəfdaş ölkələr olduqlarını və bir-birlərini daim dəstəklədiklərini vurğulayıb. Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu səviyyədə iştirakını tədbirə verilən önəmin və ölkəmizlə dostluq əlaqələrinin göstəricisi kimi qiymətləndirib.