Egemen Bağış: “Erməni uşaqlarına şeir öyrədirlər ki, it olaram, türk olmaram”
“Beynəlxalq hüquqa ədalət mənbəyi kimi baxırıq. Amma ATƏT-in Minsk Qrupu, yəni vasitəçilər heç vaxt demir ki, münaqişə beynəlxalq hüquq əsasında həll olunmalıdır”.
APA TV-nin məlumatına görə, bunu Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda keçirilən bölmə iclasında Prezident Administrasiyası rəhbərinin müavini, PA Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Liviya ilə bağlı BMT qətnaməsinin dərhal icra olunduğunu xatırladan N.Məmmədov Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən heç kimin danışmadığını bildirib: “Beynəlxalq hüquqdan danışılmadığı üçün bir çox regionlarda və Azərbaycanda belə durum mövcuddur. Biz ədalət istəyirik, amma bu baş vermir. Çünki aparıcı dövlətlər bunu istəmir”.
N.Məmmədov bildirib ki, BMT İkinci Dünya müharibəsindən sonra dünyada sülhün bərqərar olunmasına kömək etmək üçün yaradılıb: “BMT öz missiyasını yerinə yetirə bilmədiyi üçün Türkiyə və İspaniya BMT-nin Sivilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış edib və Alyans yaradılıb. Hətta biz kiminləsə BMT ilə bağlı danışanda deyirlər ki, bu təşkilatın kimə xidmət etdiyi məlumdur”.
N.Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmaması ilə bağlı sualların ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransaya, eləcə də BMT-yə ünvanlanmalı olduğunu bildirib: “Amma BMT bir dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməyib, bu məsələni ATƏT-ə tapşırıb. ATƏT də bu məsələni 3 həmsədr dövlətə tapşırıb. O həmsədr dövlətlər isə dünyaya elan edirlər ki, bu məsələ barədə heç kim danışa bilməz. BMT heç nəyə yaramırsa, niyə saxlayırıq? Kimin pulu varsa, BMT vasitəsilə nə istəyir, edəcək. Əslində edirlər də. SSRİ dağılıb, yerində Qərb üçün nə qalıb? Azərbaycan 25 il ərzində Qərblə sədaqətlə əməkdaşlıq edib və edir, Asiya dövlətləri isə 5-6 il əməkdaşlıqdan sonra kənara çəkildi. Biz bir-birimizə etimad, inamın olmasını istəyirik”.
Sülh və Mühafizə üzrə Brazzavil Fondunun sədri Jan-Yves Olliver isə münaqişə tərəflərinin başqa dövlətləri, beynəlxalq təşkilatları öz tərəflərinə çəkməyə çalışdığını, münaqişənin digər tərəfini pisləməyə nail olmaq istədiyini bildirib.
Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağış bildirib ki, münaqişələrin həlli üçün yeganə qurum BMT-dir: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin fikri tam riyakarlıqdır. Azərbaycan inkişaf edən firavan bir ölkədir, azərbaycanlıların həyat şəraiti getdikcə yaxşılaşır. 30 il əvvəllə müqayisədə Bakı inkişaf etmiş Avropa şəhəridir. Ancaq Ermənistan münaqişədən əziyyət çəkir, əhalisi 4 milyondan 2 milyona qədər azalıb. Çünki bu ölkədə yoxsulluqdur. Bu səbəbdən Ermənistana Azərbaycanla münaqişədə sülh əldə edilməsi lazımdır. Ermənistanın milli maraqları diaspor tərəfindən tapdanır. Diaspor üzvləri Avropada, ABŞ-da firavan həyat yaşayır. Erməni bağçalarının birində şeir öyrədirlər, deyirlər ki, it olaram, türk olmaram. Bu nifrətin təbliğidir”.
Şimali İrlandiya Milli Assambleyasının keçmiş spikeri Lord Alderdice isə BMT-nin pula, orduya, polis qüvvələrinə malik olmadığını qeyd edib.