FHN Formula 1 Avropa Qran Prisi ilə bağlı yanğınsöndürmə təlimi keçirdi

Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi yarışlarına marşalların hazırlanması məqsədilə “Baku Marshals Club” Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə marşalları qismində iştirak edəcək əməkdaşları üçün təlimlər təşkil edib.

 

APA TV-nin xəbərinə görə, təlimlərdə ümumilikdə 189 Yanğınsöndürmə və 139 Xilasetmə Marşalları iştirak edib.

 

Təlimlər Bəhreyn Motor İdman Federasiyasının professional təlimçiləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin akademiyasının təlim bazasında aparılıb. Təlimlər 2 - nəzəri və praktik hissədən ibarət olub.

 

FHN-in koordinatoru, polkovnik Cavanşir Həşimovun sözlərinə görə, hazırkı təlimlərdə Formula 1 zamanı hər hansısa bir qəza baş verərsə pilotları biolitlərdən necə xilas etmək barədə marşallara məlumat verilir: "Bildiyiniz kimi, Formula 1 yarışları 3 hissədən ibarətdir. Birinci ən mühüm hissəsi yarış hissəsidir. İkinci hissə Hökumət Evinin qarşısında tikilən yarışlara nəzarət mərkəzidir. Üçüncü hissə Bakı şəhərinin Dənizkənarı Bulvarında olan hissədir və 3 hissədə də FHN-in qüvvə, vasitələri cəlb olunur. 25-29 aprel tarixə qədər yarış hissəsinə cəlb olunan 300-ə yaxın yanğınsöndürən və xilasedicilərlə burada təlim məşqləri keçirilir. İdman hissəsinə qəzaya uğramış biolitlərin təxliyə olunmasına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 90 nəfərə yaxın şəxsi heyət cəlb olunur".

 

Qeyd edək ki, Formula 1 Avropa Qran Pri yarışına 1000 yerli marşal və 300-ə yaxın xarici ölkələrdən gələcək marşallar iştirak edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova