İrandan şok açıqlama: Qitələrarası raketlər istehsal etmək gücündəyik
İran qitələrarası raket istehsal etməyə qadir olduğunu açıqlayıb. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Həmid Bəidinejad bildirib.
O deyib ki, ölkəsinin hazırda malik olduğu elmi potensial analoji raketlərin istehsal edilməsinə imkan yaradır. Nazir müavini qeyd edib ki, İranın hərbi doktrinası müdafiə əsasında formalaşıb, hərbi potensialı isə düşmən tərəfdən yönələ biləcək təhlükənin neytrallaşdırılmasına yönəlib.
H.Bəidinejadın sözlərinə görə, dünyanın güclü dövlətləri, eləcə də digər region ölkələrindən fərqli olaraq, İran İslam Respublikasının hərbi siyasəti region daxilində, eləcə də dünya miqyasında gərginliyin eskalasiyasına yönəlməyib.
Həmid Bəidinejad vurğulayıb ki, hazırda nə müdafiə sahəsində, nə də raket proqramında İranın qarşısında hər hansı bir əngəl mövcud deyil.