Ərdoğandan ermənilərə sərt xəbərdarlıq: "Odla oynayırsınız!"

“Ermənistan odla oynayır. Türkiyədə yaşayan 100 min civarında erməninin yarısı Türkiyə vətəndaşı deyil. Daimi yaşayış icazəsi olmayanlara da tolerant davranırıq. Vətəndaş olan ermənilərin vəqf mallarını geri verdik, aprelin 24-də mesaj yayımladım. Biz xoşniyyətli olduğumuzu göstəririk”.

 

APA TV-nin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada onu müşayiət edən jurnalistlərə açıqlamasında deyib.

 

Ermənistan prezidenti Serj Sarkisyanın “Azərbaycanla müharibəyə hazırıq” fikirlərinə münasibət bildirən Ərdoğan əlavə edib ki, Rusiya Ermənistana açıq dəstək vermir.

“Qarşıdurma şəraitində Azərbaycan güclənir. Rusiya Ermənistana açıq və tam dəstək vermir. Çünki Azərbaycanla mənfəət münasibətləri var. Ermənilər Azərbaycanın azad etdiyi yerlərlə bağlı “bizim üçün önəmli deyil” desə də, qorxu içərisindədir. Əhali, hərbçi sayı, digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisə olunmaz. Azərbaycan ətrafındakı ölkələrə - Gürcüstan və ya Ukraynaya bənzəmir. Rusiya Ukraynada belə istədiyi nəticəni əldə edə bilmədi. Rusiya səhvə yol verir”, - deyə Türkiyə prezidenti bildirib.

Müəllif | Apa.Tv
Apa.tv