Səlim Müslümov: "Pensiyaçılara kredit verilməsinin dayandırılmasının həm müsbət, həm də mənfi tərəfləri var"

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən pensiyaçılara kredit verilməsinin dayandırılmasının həm müsbət, həm də mənfi tərəfləri var. APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

 

"Qəbul olunan qərar pensiyaçıların əldə etdikləri məbləğlərin tamamilə onların fərdi ehtiyaclarının ödənilməsinə yönəldilməsinə imkan yaradılmasıdır. Amma digər tərəfdən, pensiyaçıların özünün də haradasa kreditə ehtiyacı ola bilər. Bu zaman onların vətəndaş kimi hüquqları var ki, bundan istifadə eləsinlər, bu artıq mənfi tərəfidir. Mən elə düşünürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bunun tam dəqiq düsturunu tapacaq ki, bizim normal adi vətəndaşlarımızdan olan pensiyaçıların da bu hüquqları pozulmasın" - deyə S.Müslümov qeyd edib.

 

Nazir bildirib ki, hazırda bütün dünyada gənclər arasında işsizlik ən böyük problemlərdən biridir. 15-29 yaş arasında olan gənclər arasında işsizlik daha da artıb: "Amma hansı yolla iş tapmaq mümkündür? Yalnız gəlib məşğulluq mərkəzlərində qeydiyyatdan keçib gözləməkmi ki, nə vaxt məşğulluq mərkəzi mövcud olan vakansiyaları onlara təqdim edəcək, onlar da ona ya razılaşacaq, ya da razılaşmayacaq? Bu, müəyyən qədər passiv bir mövqedir. Amma yenilik və məşğulluq üzrə Sistem Laboratoriyası vasitəsilə keçirilən treninqlər, verilən məsləhətlər gənclərimizə imkan yardır ki, aktiv şəkildə özləri iş axtarmaqla məşğul olsunlar. və özlərini işlə təmin edə bilsinlər".

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb. Layihə yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına və onların əmək bazarına inteqrasiyasına dəstək məqsədinə yönəlib. BMT İnkişaf Proqramının və Norveçin SYSLAB şirkətinin dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris mərkəzləri yaradılıb. Nəticədə həmin gənclərdən 358 nəfəri və ya 80 faizə yaxını yeni qazandıqları bacarıqlardan istifadə edərək müxtəlif dövlət və özəl müəssisələrdə münasib iş yerləri ilə təmin olunublar və həmin layihə uğurla nəticələnib. Nazir bildirib ki,  dəyəri 189 min dollar olan layihənin  30 min dollarlıq hissəsini Azərbaycan hökuməti, 24 min dollarlıq hissəsini isə BMT-nin İnkişaf Proqramı ödəyəcək. 

Müəllif | Apa.Tv
Almaz Qasımova