Şəhid gizirin atası: "Fəxr etməliyik ki, belə oğullar böyütmüşük"

Vətən torpağının bütövlüyü uğrunda cəbhədəki son döyüşlərdə igidlik nümunəsi göstərərək, canından keçən şəhidlərimizdən biri də 21 yaşlı Bəxtiyar Rəfael oğlu Hüseynovdur.

 

APA TV-nin Qərb bürosunun xəbərinə görə, Bəxtiyar öz doğma elində - Goranboyun Qızılhacılı kəndində 20 gün əvvəl torpağa tapşırılıb.

 

Amma şəhidin ailə üzvləri, yaxınları onu yalnız hüznlə yada salmağa deyil, Vətən eşqindən qidalanan igidliyindən ruh yüksəkliyi ilə, qürurla söhbət açmağa toplaşırlar. Şəhid gizir Bəxtiyar Hüseynov elə keçmiş döyüşçü ailəsində tərbiyə alıb. Babası Rəsul Qurbanov 1-ci Qarabağ müharibəsində əvvəldən-axıracan iştirak edib: “Mənim müharibədə olmağım Bəxtiyarın balacalıq vaxtına düşmüşdü, amma hiss edirdim ki, maraqlanır, bunda bir vətənpərvərlik var. Təkcə mən yox, bütün Azərbaycan Bəxtiyar kimi oğullarla fəxr edir”.

 

Şəhidin atası Rəfael Hüseynov da oğlunun vətənsevərliyindən qürurla söhbət açaraq deyir ki, Vətənimizin torpaqlarının bütövlüyünün bərpası onun uğrunda canından keçməyə hazır olan minlərlə  oğul və qızlarımızın fədakarlığı ilə mümkün olacaq: “Vətənpərvər idi, həvəsi vardı vuruşa. 6 ay xidmət edəndən sonra 6 ay da oxudu, gizir oldu. Tərtərin Talış kəndi istiqamətindəki döyüşlərdə həlak oldu. Fəxr edirəm ki, belə oğul böyütmüşük”.

 

Bəxtiyarın anası Afət Hüseynova da oğlunun övlad kimi ən gözəl xüsusiyyətlərindən, eləcə də hələ uşaqlıqdan Vətən keşikçisi olmaq arzusundan söhbət açır: “Çox qayğıkeş, tərbiyəli, ailə, vətən sevən... 7-8-ci siniflərdən deyirdi ki, hərbçi olmaq istəyirəm...”

 

Bəxtiyarın qardaşı Etibar Hüseynov da hərbi xidmətini bu yaxınlarda başa vuraraq evə dönüb. O bildirir ki, qardaşı həmişə Milli Qəhrəmanımız Mübariz İbrahimovun şücaətini özünə örnək bilib: “Mənimlə söhbətlərdə deyirdi ki, Mübariz İbrahimov kimi igid olmaq istəyir. Elə də oldu. Hərbiyə getdi, Vətən uğrunda şəhid oldu”.

 

Ailəsindəki söhbətlərdən onu da öyrəndik ki, yaxınları onu növbəti məzuniyyəti zamanı nişanlamaq istəyirmişlər. Bu, 21 yaşlı şəhidlə bağlı əbədi arzu olaraq qaldı...

Müəllif | Apa.Tv
Azər Məmmədli