Balıqların sirri haqqında reportaj...
Bu səhnə mənə heç də yad deyil. Mən də uşaq olanda balıqları bu qədər sevirdim. Amma bir anlıq səhvim balıqlarımın belə qırılması ilə nəticələndi. O zaman günlərlə ağladım. Hətta illərlə o balaca akvariumumu saxlayırdım. O gündən balıqlara sevgim bitməsə də, bir daha balıq saxlamağı düşünmədim. Çünki uşaq psixologiyamda onların hər birinin ölümü mənə ən doğma şəxsimin ölümü kimi gəlirdi. Bu gün də düşüncəm dəyişmir. Çünki balıq saxlamaq bir hobbi olduğundan buna aludə olub hisslərə qapılıb, onlarla bərabər nəfəs alıb, onlarla bərabər yaşayır insan. Bir daha balıq saxlamasam da, ara-sıra yolumu balıq satılan bazardan salıram. Bu dəfə tək yox, APA TV-nin çəkiliş qrupu ilə getdim bazara. Bu sehrli-sirli mənzərəni hər kəslə paylaşmaq üçün kameramızın yaddaşına köçürmək qərarına gəldim.
....Və budur, biz balıqlar aləmindəyik. Balıqlara kimi hobbi, kimisi də qazanc mənbəyi kimi baxır. Uzun illərini balıqçılığa həsr edən bu şəxs deyir ki, balıq saxlamağın özünün xüsusi bir fəlsəfəsi var. Balıqlar səs küyü, mənfi auranı sevməz. Belə mühitdə heyvanlar çox yaşamaz, tələf olar. Bazarda nadir tapılan balıq növlərinə rast gəldik. Satıcılarla apardığımız söhbət zamanı məlum oldu ki, burada elə balıq növləri var ki, ev temperaturuna öyrəşə bilmir. O növ balıqlar xüsusi qulluq tələb edir. Amma elə növlər də var ki, ən aşağı temperaturda da bədən hərarətini saxlaya bilir. Müsahibimizin sözlərinə görə, isti okeanlardan gətirilən balıqların çox yaşaması üçün evin temperaturu 20 dərəcədən aşağı olmamalıdır. Hə, yemək məsələsi balıqların bəslənməsində ən həssas nöqtə hesab edilir. Balıq saxlamaq sevdasında olanlara məsləhət görülür ki, balıqlara çörək, düyü və s. kimi yemlər verməsinlər. Çörək onları şişirdib partlada bilər. Gün ərzində iki dəfə yemək vermək kifayətdir. Balıqların yaddaşı olmur, deyə yeyib-yemədiyini xatırlamır. Nə qədər yem atsan, o qədər də yeyəcək. Bu isə həm sahibinin cibinə ziyandır, həm də çox yemək balığın ölümünə səbəb ola bilər.
Ən ucuz heyvan elə balıqlardır. Onların qiyməti 1 - 15 manat arasında dəyişir. Təbii ki, bu qiymətə nadir tapılan balıq növləri daxil deyil. Eyni zamanda balıqların qiyməti bala qoymasına görə də dəyişir. Amma bazarda balıqçıların problemləri də az deyil. Bazarın darısqal olması həm satıcılara, həm də alıcılara ciddi problem yaradır. Akvariumlar üçün real təhlükə mənbəyindən biri də evdəki azyaşlılardır. Balıqsevərlər deyir ki, göz bəbəkləri kimi qoruduqları balıqları həm də evdə balacalardan qorumaq vacibdir. Əks halda akvariuma ani bir müdaxilə balıqların məhvinə səbəb ola bilər. Elə uşaqlığımızın qəhrəmanı Ağasifin etdiyi kimi.