Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu seçki ilə bağlı ilkin hesabatını açıqladı
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ilkin hesabatını açıqladı. APA TV-nin xəbərinə görə, bu gün Bakıda keçirdiyi mətbuat konfransında missiyanın rəhbəri Nikolai Meinert bildirdi ki, missiyaya Avropa Parlamentinin, Avropa ölkələri parlamentlərinin üzvləri, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, Estoniya və Litvadan politoloqlar və jurnalistlər daxildirlər. Hesabatda bildirilir ki, missiya 11 sentyabrdan Azərbaycan Seçki Məcəlləsini öyrənməyə və təhlil etməyə, eyni zamanda hazırkı seçki sistemi və Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıq işini müşahidə etməyə başlayıb: “Azərbaycanın Seçki Məcəlləsi bütün səviyyələrdə demokratik seçkilərin keçirilməsi üçün zəruri olan əsas elementləri özündə ehtiva edir. Qəbul olunduğu vaxtdan məcəllə beynəlxalq insan haqları təşkilatlarının irad və tövsiyələrinə uyğun olaraq, eləcə də seçkilərin demokratik keçirilməsində ölkənin öz təcrübəsini əks etdirmək üçün mütəmadi olaraq yenilənir. Missiya bütövlükdə Seçki Məcəlləsinin Azərbaycan vətəndaşlarının iradəsini əks etdirən seçki prosesinə imkan verdiyini düşünür, eyni zamanda ekspertlər hesab edirlər ki, bu sənəddə MSK, dairə və məntəqə komissiyalarının təşkili ilə əlaqədar bəzi maddələr daha təfərrüatlı olmalıdır”.
Missiya MSK-nın tam olaraq müstəqil şəkildə fəaliyyət göstərdiyini bildirib. Hesabatda seçkiqabağı proseslə bağlı o da qeyd olunur ki, seçki prosesinin hüquqi əsasları beynəlxalq qaydalara uyğundur. Missiya seçkiqabağı kampaniyanın müddəti, seçki günü, səslərin sayılması və nəticələrin müəyyən olunması prosesinin mövcud gərginlik artırılmadan Azərbaycanda seçki qanunvericiliyinə uyğun həyata keçiriləcəyinə və prezident seçkilərinin beynəlxalq standartlara cavab verəcəyinə ümid edir.
Missiya seçkidən sonra yekun hesabatını açıqlayacaq.