“Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin açılışı oldu

Ötən gün Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016” ilinin təntənəli açılış mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mədəniyyət və turizm nazirinin, TÜRKSOY-a üzv ölkələrin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimində TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi olub.

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir xatırladıb ki, bir neçə gün əvvəl Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi edib: "Azərbaycan bir daha mültikultural dəyərlərə malik olduğunu və qədim ənənələri qoruduğunu sübut etdi. Bu gün isə mən və nümayəndə heyətimiz daha bir möhtəşəm tədbirin qonağı olduq. Şəki ilə tanışlıqdan olduqca məmnunam. Xüsusən dünyanın mədəniyyət incisi sayılan Xan Sarayı ilə tanışlıq məndə xoş təəssürat yaratdı".

 

Məlumat üçün bildirək ki, Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY birgə tədbirlər planı hazırlayıb. Tədbirlər planına uyğun olaraq, il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, həmçinin “paytaxt ili”nin təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov