Nazir Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul etdi
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 29-da Masallıda vətəndaşları qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəbuldan öncə Kəmaləddin Heydərov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Masallı ilə yanaşı, qonşu Cəlilabad, Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.