Ermənilərin atəşi nəticəsində ölən Ağdam sakini bu gün dəfn olunacaq
Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində aldığı qəlpə yaralarından dünyasını dəyişən Çəmənli kənd sakini Əli Müseyib oğlu Hüseynov bu gün dəfn olunacaq.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Axund Barat Bağırov Əli Hüseynovun meyitinin axşam saatlarında məscidə gətirildiyini deyib. Mərhum bu gün Çəmənli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Ağdamın Çəmənli kəndini yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini, 67 yaşlı Əli Müseyib oğlu Hüseynov da qəlpə yaraları alıb. Ağır vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Əli Hüseynov dünən günorta saatlarında vəfat edib.
Qeyd edək ki, həmin gün ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb.