Aydın Əliyev Şəkidə vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şəki şəhərində, Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında vətəndaşları qəbul edib.
APA TV-nin xəbərinə görə, qəbulda Şəki ilə yanaşı, Qəbələ, Oğuz rayonlarının və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib.
Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.