Zaqatalada poçt şöbəsindən oğurluq edənlər tutuldu
Zaqatalada ”Azərpoçt” MMC-yə məxsus poçt filialından oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində aprel ayının 27-də gecə saat 1:00 radələrində Zaqatala Rayon İcra Hakimiyyətinin Muğanlı kəndi üzrə nümayəndəliyin inzibati binasında yerləşən “Azərpoçt” MMC-nin Zaqatala rayon poçt filialının şöbəsində oğurluq edən şəxslərin kimliyi müəyyən edilib.
Məlum olub ki, Zaqatala rayonunun Muğanlı kənd sakini, 1992-ci il təvəllüdlü Mustafa Yusuboğlu və Balakən rayonunun Talalar kəndində anadan olan, hazırda Zaqatalanın Aşağı Tala kəndində yaşayan 1992-ci il təvəllüdlü Albuşov Vüsal İmran oğlu qabaqcadan əlbir olaraq Poçt Şöbəsinin xidməti otağının taxta və dəmir qapılarını dəmir linglə sındırmaq yolu ilə içəri qanunsuz daxil olub, içərisində 480 manat pul, işıq, qaz, su pullarının ödənilməsi çekləri, möhür və Poçt Şöbəsinin rəisi Sayadov Kamal Lətif oğluna məxsus maaş kartı, torpaq kartı, hərbi bilet və bakalavr diplomu olan seyfi oğurlayıblar.
Mustafa Yusuboğlu və Vüsal Albuşov dünən maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.