Elmar Məmmədyarov: “Rusiya bizə mərhələli şəkildə həll təklif edib”

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, hər kəs aysberqin üst tərəfini görür: “Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.

 

Elmar Məmmədyarov bir neçə gün əvvəl Ermənistanın danışıqlardan çıxması barədə prezident Sarkisyanın, daha sonra isə Ermənistanın danışıqları davam etdirmək niyyətində olduğu barədə xarici işlər nazirinin bəyanatını xatırladıb: “İndi isə Sarkisyan danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil. İrəvanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir. Proses yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunların işğal olunmuş Azərbaycan ərazilərində olmasıdır. Bu məsələni nə qədər tez həll etsək, o qədər imkan yaranacaq".

 

Nazirin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər. "Görüş keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik", - deyə nazir bildirib.

 

Qeyd edək ki, mayın 23-də Brüsseldə "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv