Zəvvarların səs verməsi üçün tam şərait yaradılıb
"Zəvvarlarımızın səsvermədə iştirakını təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının iki əməkdaşı Səudiyyə Ərəbistanına ezam olunub". APA TV-nin xəbərinə görə, Komissiyanın sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Bu il Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb. Onlardan 2400 nəfəri seçkilərdə səs vermək üçün qeydiyyatdan çıxma vəsiqəsi alıb. Artıq Məkkədə 1 seçki məntəqəsi yaradılıb və səsvermə üçün hər cür şərait təmin edilib.
Ümumilikdə builki prezident seçkiləri ilə bağlı seçici siyahısında 5 145 000 nəfərin adının olduğunu deyən Məzahir Pənahov bildirib ki, onlar 5492 məntəqədə səs verəcəklər. Seçki məntəqələrinin 219-u müvəqqəti olaraq 5 gün müddətinə yaradılıb. MSK sədri həmçinin seçki günü adı seçici siyahısında olmayan vətəndaşlarla bağlı yarana biləcək vəziyyətə də aydınlıq gətirib: "Hansısa bir səbəbdən fərqi yoxdur, obyektiv, subyektiv səbəbdən seçici seçki məntəqəsinə gəlibsə və onun seçki məntəqəsində adı yoxdursa heç bir narahatçılıq keçirməməlidir həmin seçici. Kifayətdir ki, siz məntəqəyə daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim edəsiniz. O, şəxsiyyət vəsiqəsində göstərilən ünvan həmin məntəqənin xidmət etdiyi ərazidədirsə, bütün məntəqələr əlavə seçki siyahısı ilə təmin edilib. Heç bir maneə olmadan seçici həmin dəqiqə birbaşa əlavə seçki siyahısına daxil edilir. Seçici bülletenini alır və səsvermə hüququnu yerinə yetirir".
Müşahidəçilərin ümumi sayının 52 min olduğunu qeyd edən MSK sədri beynəlxalq müşahidəçilərin 1400 nəfərə yaxın olduğunu da vurğulayıb. Onun sözlərinə görə seçkilərdə yerli Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün qeydiyyat tələb olunmur.