Milli Məclisdə cəbhədəki gərgin vəziyyətlə bağlı müzakirə aparılıb

Milli Məclisin növbəti plenar iclası başlayıb. APA TV-nin məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov əvvəlcə cari məsələlərə yer verib.

 

Gündəliyə insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatı ilə yanaşı, daha 6 məsələ daxil edilib İclasda cəbhədə baş verən gərginliklə bağlı müzakirə aparılıb.

 

Deputat Zahid Oruc Ermənistan prezidenti Serj Sərkisyanı istefaya çağırıb. O bildirib ki, ermənilər dünənə qədər ikinci dövlət qurmağa cəhd edirdilərsə, indi ümumiyyətlə, dövlətçiliklərindən məhrum olmaq üzrədirlər:

 

“İstədiklərinə nail ola bilməyiblər. Bu illər ərzində onlar demoqrafik baxımdan məhv olublar. İndi də istəyirlər ki, rus generalları gəlib Qarabağda onların əvəzinə dayansın. Axı ruslar nə üçün ermənilərin əvəzinə ölməlidir?!”

 

Z. Oruc sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O qeyd edib ki, ordu haqqında hər hansı şayiə inzibati yolla cəzalandırılmalıdır.

 

Fazil Mustafa təhsil adı altında bəzi gənclərin xaricə gedib universitetlərdə “baş girlədiyini” söyləyib:

 

“Türkiyənin bir neçə universitetində 300-dən çox tələbəmiz təhsil alır. Ancaq onların bir çoxu illərlə 5-ci kursu bitirə bilmir. Kimsə soruşmur ki, bala, sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib orduda xidmət etmirsən? Əsgərlikdən yayınmaq üçün xeyli insan bu üsula əl atıb. Onsuz da bizim universitetlərin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Elə addımlar atmaq lazımdır ki, bəziləri təhsildən istifadə edərək ordudan yayınmasın”.

 

Sədr Oqtay Əsədov F. Mustafanın çıxışına müdaxilə edib:

 

Mən bilmirəm nə dərəcədə doğrudur, amma aprelin əvvəlində Azərbaycan gəncləri məktublarla müraciət edirdilər ki, orduya yazılmaq istəyirlər”.

 

Millət vəkili Sahib Alıyev erməni canilərinin mülki əhalini atəşə tutması nəticəsində Tərtərdə 256 evin dağıldığını nəzərə çatdırıb.

 

Mili Məclisin sədr müavini Bahar Muradova Azərbaycan xalqının öz ordusuna inamından bəhs edərək bildirib ki, Azərbaycan beynəlxalq təşkilatları və ölkələri onun yanında olmağa yox, ədalətin, beynəlxalq hüququn yanında olmağa çağırmalıdır:

 

“Biz razılaşmışdıq ki, cəbhədə baş verənlərlə bağlı yalnız Müdafiə Nazirliyinin məlumatını yayaq

 

İclasda bir neçə qanuna düzəlişlər qəbul olunub. Bunlar “Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Polis haqqında”, “Cinayət işlərinə dair hüquqi yardım haqqında” və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunlara dəyişikliklərdir.Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı