Milli Məclis İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib

 

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinlənilir.

 

APA TV -nin məlumatına görə, hesabatı daxili işlər nazirinin birinci müavini, general-leytenant, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edib. Hesabatda il ərzində bu sahədə görülən işlər və statistika yer alıb.

 

Daxili işlər nazirinin müavini, polis general leytenantı Vilayət Eyvazov çıxışında qeyd edib ki, səmərəli fəaliyyətinə görə 16 qeyri hökumət təşkilatı daxili işlər naziri tərəfindən mükafatlandırılıb:

 

“99 min manat civarında olan layihələr isə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Məcburi əməyin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində insan alveri qurbanlarının qarşısı alınıb. Tikinti sektorunda 8 xəta, əcnəbilərin işə götürülməsi qaydalarının pozulması üzrə 59 inzibati xəta aşkarlanıb".

 

Onun sözlərinə görə, insan alveri ilə məşğul olan 13 cinayətkar qrup və bir mütəşəkkil dəstə zərərsizləşdirilib:

 

"Hazırda 22 nəfərin axtarışı davam edir. Yeddi əcnəbi istismara məruz qalıb. Onlardan 51 –i sığınacaqlara yerləşdirilib. 22 nəfər işlə təmin edilib. 31 qurban ailəsinə qaytarılıb. 56 qurbana hüquqi-psixioloji yardım göstərilib. Qurbanların himayəsində olan 26 uşaq təhsilə cəlb edilib. Sosial reabilitasiyaya görə nazirliyin daxili imkanları hesabına 165 min manat vəsait ayrılıb".

 

İclasda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı müzakirə olunub.

 

Deputat Fazil Mustafa bildirib ki, yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb edilir, onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir:

 

“Valideynləri Türkiyədə qeyri-qanuni miqrant kimi işləyən 2 min uşaq sənəd ala bilmədiyi üçün təhsildən kənarda qalıb”.

 

S. Novruzov qeyd edib ki, Ermənistanın I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların daxili orqanlarının satışı ilə məşğul olması barədə məlumatlar var:

 

“Hətta həmin insanların adları da qeyd edilmişdi. Hesab edirəm ki onların siyahısı hazırlanıb, BMT və digər beynəlxalq qurumlara təqdim olunmalıdır ki, axtarışları daha da gücləndirilsin. Məncə, əsir və itkin düşmüşlərin bir çoxu insan alverinin qurbanıdır. Bununla əlaqədar beynəlxalq məhkəmədə cinayət işinin başlanması ilə bağlı addımlar atmalıyıq. Bu gün Suriyada itkin düşənlərin böyük hissəsi insan alverinin qurbanına çevrilir”.

 

"Daxili İşlər Nazirliyi Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir" deyən deputat Qüdrət Həsənquliyev bildirb ki, tutulan 1 tondan artıq narkotikin qiyməti milyonlarla  dollardır:

 

“Həmin narkotik Belçikaya göndərilirmiş. Azərbaycan BMT və digər qurumlarla əməkdaşlıq edib beynəlxalq sahədə də öz töhfəsini verməlidir. Narkotiki aşkar edənləri yüksək mükafata layiq görmək lazımdır ki, bu sahə ilə mübarizəyə diqqət daha da artsın. Daxili İşlər Nazirliyi Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir. Bizim müvafiq qurumlar beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməlidir. O cümlədən İranla əməkdaşlıq edilməlidir. Çünki uzun müddətdir, İrandan ölkəmizə narkotik daşınır”.

 

Birinci vitse-spiker Ziyafət Əsgərov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı müzakirələrdə bəzi KİV-lərə iradını bildirib.

 

Vilayət Eyvazov deputatların fikirlərinə münasibət bildirərkən deyib ki, bütün ölkələrdəki Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün tədbirlər görülür. O, əsir və itkin düşmüş azərbaycanlılarla bağlı cinayət işinin başlandığını bildirib.

 

Sonra hesabat səsə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı