Dünya stomatoloqları Bakıda: illik plenar sessiya başladı
Bu gün Bakıda Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyası öz işinə başlayıb. APA TV-nin xəbərinə görə, illik plenar sessiya 29-30 aprel tarixlərində işini davam etdirəcək.
İllik plenar sessiyaya Avropanın 24 ölkəsinin stomatoloji assosiasiyalarının rəhbərləri qatılıb.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəsmisi Məhərrəm Əhmədov bildirib ki, Ümumdünya Stomatoloqlar Federasiyasının Avropa regional təşkilatının illik plenar sessiyasının Bakıda keçirilməsi çox əlamətdar bir hadisədir. “Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra səhiyyə, eləcə də stomatologiya sahəsi daim diqqət mərkəzində olub”, - deyə o bildirib.
Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva çıxışında beynəlxalq qurumlara inteqrasiyanın vacibliyini qeyd edib.
Sessiyada Azərbaycan Stomatologiya Assosiasiyasının vitse-prezidenti Kamran Şahbazov , Ümumdünya Stomatoloqlar Federasiyasının prezidenti, professor Patrik Heskot və başqaları çıxış ediblər.
Sessiyada növbəti plenar sessiyanın 7 aprel 2017-ci il tarixində Cenevrə şəhərində keçirilməsi haqda qərar qəbul olunub.
Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti Rəna Əliyeva bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkəmizin bu sahədə uğurlu nəticələr əldə etməsinə imkan verib: "Azərbaycan Stomatologiya Assosiasiyası 1998-ci ildən Ümumdünya Stomatoloqlar Federasiyasının, 2003-cü ildən isə Avropa regional təşkilatının üzvüdür. Bu təşkilatlarla uzun illik məhsuldar əməkdaşlıq və beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın əldə etdiyi uğurlar bizə plenar sessiyanın keçirilməsi üçün Bakı şəhərini təqdim etməyə icazə verdi.
Avropanın stomatoloji assosiasiyalarının rəhbərlərinin Azərbaycan barədə fikirləri yüksək səviyyədədir".
Sessiya zamanı Avropa regional təşkilatının rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə zamanı Anna Lella Avropa regional təşkilatının prezidenti seçilib.
Plenar sessiyada Avropada liberal diş təcrübəsi üzrə işçi qrupunun fəaliyyətinin nəticələri dinləniləcək, praktiki həkimlərin universitetlərlə qarşılıqlı əlaqəsi, inteqrasiya, stomatologiyada keyfiyyət, fasiləsiz tibbi təhsil, stomatoloji idarə komandası, büdcə, XXI əsrdə Avropa stomatologiyasının gündəmi, məqsəd və vəzifələri və digər məsələlər müzakirə olunacaq. Həmçinin 2016-cı ilin sentyabr ayında Poznan şəhərində keçiriləcək Ümumdünya Stomatoloqlar Federasiyasının illik konqresi zamanı təltif etmə taktikası işlənib hazırlanacaq.