AMEA-nın ümumi yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev , Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, təhsil naziri Mikayıl Cabbarov, digər dövlət qurumlarının səlahiyyətli şəxsləri, AMEA -nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak ediblər.


AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliklər edilib.  Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus torpaqların bir qismi zəbt olunmuşdu və prezident İlham Əliyevin dəstəyi ilə həmin torpaqlar qaytarılıb. Hazırda akademiyanın ümumilikdə 4 min hektar torpaq sahəsi var. Hazırda 2300-ə yaxın hektar torpaq akademiya tərəfindən istifadə edilir.

 

Daha sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır. Hazırda ali məktəblərdə adambaşına maliyyələşmə tətbiq edilir. Bu gün ali təhsil müəssisələrində keyfiyyət, tələbələrin sayı əsas götürülür.

 

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə isə  bildirib ki, Azərbaycanda Fövqəladə Hallar Atlasının hazırlanması və müvafiq informasiya bazasının yaradılmasında Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər dövlət qurumların iştirakı nəzərdə tutulub. Faiq Tağızadə qeyd edib ki, atlasın yaradılmasının əsas məqsədlərindən biri Azərbaycan ərazisində fövqəladə halların idarə olunması, bu sahə üzrə geo-informasiya bazasının yaradılmasıdır:

 

“Bazanın yaradılmasında məqsəd fövqəladə halların operativ idarə edilərək, ölkə ərazində risk və təhlükələrin dayandırılması olmalıdır. Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, ərazinin mühafizəsinin təmin edilməsi, dəyən ziyanın minimuma endirilməsi, ölkənin inkişafının təmin edilməsi sahəsində vahid informasiya baza yaradılmalıdır. Artıq fövqəladə hallar atlasının yaradılması üçün yol xəritəsi hazırlanıb, bu istiqamətdə işlər davam etdiriləcək”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatlar laureatlara təqdim olunub. Qeyd edək ki, AMEA-nın adlı mükafatlarına layiq görülmüş namizədlərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova