Prezident Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonuna səfərə gəlib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Azərbaycan prezidenti İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Sonra prezident Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş hakimi Şəhrabanu Məlikova diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.