Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir
Səsvermə hüququna malik 5 milyondan artıq seçici bu gün seçki məntəqələrinə gedərək növbəti beş ildə dövlətə rəhbərlik edəcək şəxsi müəyyənləşdirəcəklər. Bu, ölkədə keçirilən sayca yeddinci prezident seçkiləridir. Seçkiləri keçirməyə məsul orqan olan Mərkəzi Seçki Komissiyasının hazırladığı təqvim planına görə, təşviqat prosesi sentyabrın 16-da başlayıb və dünən səhər 08.00-da başa çatıb.
APA TV-nin xəbərinə görə, prezidentliyə namizədlərin qeydiyyatı prosesi isə sentyabrın 9-da yekunlaşıb. Bu gün keçirilən prezident seçkilərində namizəd qismində iştirak etmək üçün 22 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib. Onlardan 21 nəfərə imza vərəqələri verilib, bir nəfərin namizədliyinin təsdiqlənməsindən isə imtina olunub. Seçki qanunvericiliyinə görə, namizədlik iddiasını təsdiqlədən şəxslər bu mövqeni dəstəkləyənə ən azı 40 min nəfərin imzasını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Sentyabrın 14-dək qədər qeydə alınmış 21 nəfərdən yalnız 10 nəfər 40 min imzanı toplayaraq MSK tərəfindən rəsmən namizəd kimi qeydə alınıb. Üç nəfər namizədliyini geri götürüb, 8 nəfər isə tələb olunan miqdarda imza toplaya bilməyib.
Bu gün keçirilən prezident seçkilərində bülletenlərə 10 namizədin adı daxil edilib. Təqvim planına əsasən, MSK seçkilərin yekunları haqda protokolları oktyabrın 19-dək Konstitusiya Məhkəməsinə təhvil verməlidir. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir. Seçilmiş prezident 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.