Donald Tramp iki hasar arasında qalıb
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan Donald Tramp tərəfdarları ilə görüşə qatılmaq üçün iki hasarın arasından keçməli olub. APA TV-nin məlumatına görə, hadisə Kaliforniyada baş verib.
Donald Tramp Berlinqeym şəhərindəki otel binasında çıxış etməli imiş. Lakin binanın qarşısına onun yüzlərlə əleyhdarı, o cümlədən, meksikalı mühacirlər toplaşıblar.
Prezidentliyə namizədin mühafizəsini həyata keçirən məxfi xidmət Donald Trampın maşın karvanını binanın arxasına aparıb. Siyasətçi otelə girmək üçün iki hasarın arasından keçməli və otluq sahə ilə binaya tərəf irəliləməli olub.
Nəhayət, görüşə qatılan Donald Tramp binaya necə çətinliklə daxil olmasından danışıb. O, başına gələnləri dövlət sərhədini gizli yolla keçməyə bənzədib.
Qeyd edək ki, Donald Trampın seçki proqramı Meksika ilə sərhəddə hasar çəkilməsini nəzərdə tutur. Üstəlik, o, Meksika hökumətini hasarın çəkilməsi xərclərini ödəməyə məcbur etmək niyyətindədir.
Donald Tramp əleyhinə keçirilən aksiya isə iğtişaşlarla nəticələnib. Polis əməkdaşları aksiya iştirakçılarından 20 nəfərini saxlayıb.