Suriya ordusu Hələbi bombaladı, çoxlu sayda ölən var
Suriya ordusu Hələbin Bustan əl-Qəsr rayonundakı tibb mərkəzini bombalayıb. APA TV-nin məlumatına görə, bombardman nəticəsində azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hələbin mülki müdafiə idarəsinin rəhbəri Nəcib Ənsari bildirib ki, bombardmanı Suriya ordusuna məxsus helikopter həyata keçirib. Tibb mərkəzinə 3 bomba atılıb.
Suriya ordusuna aid təyyarələr də Hələbin müxalifət qüvvələrinin nəzarətində olan ayrı-ayrı bölgələrinə zərbələr endirib. Gün ərzində hava hücumları nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb. Hələbin dini işlərlə bağlı heyəti son günlər intensivləşən hava hücumları ilə əlaqədar yerli əhalini cümə namazına getməməyə çağırıb. Beləliklə, Hələb möminləri ötən gün ilk dəfə cümə namazına getməyiblər.
Xatırladaq ki, bir gün əvvəl Hələbdəki səhra xəstəxanasına da hava hücumu edilmişdi. “Əl-Qüds” xəstəxanasının bombalanması nəticəsində ölənlərin sayı 50-yə çatıb. Ölənlər arasında həkim və xəstələrlə yanaşı xəstəxananın yaxınlığındakı evlərdə yaşayan sakinlər də var.