Norveçdə neftçiləri daşıyan helikopter qəzaya uğradı: 13 ölü
Norveçdə neftçiləri daşıyan helikopter qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə ölkənin ikinci böyük şəhəri Bergen yaxınlığında baş verib.
Qəzaya uğrayan helikopter neftçiləri Şimal dənizindən gətirirmiş.
Xilasedicilər hadisənin baş verdiyi ərazidə əməliyyat keçiriblər. Axşam saatlarında məlum olub ki, helikopter 13 neftçini daşıyırmış və onlardan heç biri sağ qalmayıb. Həlak olan 13 nəfərdən 11 nəfərin meyiti tapılıb.
“Statoil” şirkətinin məlumatına görə, helikopterin göyərtəsindəki neftçilər Şimal dənizindəki platformadan Bergen şəhərinə qayıdırlarmış. Ölən neftçilərdən 11-i Norveç, 1-i Böyük Britaniya, daha 1-i isə İtaliya vətəndaşıdır.
Faciədən sonra Norveç kralı Harald və ailəsi İsveç kralının 70 illiyi ilə əlaqədar Stokholmda bu gün keçiriləcək yubiley mərasiminə qatılmaqdan imtina edib.