"Bloomberg": Neftin qiyməti yaxın həftələrdə 30 dollara enə bilər
"Bloomberg" şirkəti neft treyderləri və analitiklər arasında "qaraqızıl"ın mümkün qiymətləri ilə bağlı növbəti sorğu keçirib. APA TV-nin məlumatına görə, əksər ekspertlər hesab edir ki, hazırda neft bazarında durum ötən ilin mayında baş verən prosesləri xatırladır. O zaman qiymətlər bahalaşdıqdan sonra yenidən kəskin ucuzlaşma müşahidə olunmuşdu.
Commerzbank, BNP Paribas və "UBS Group"un nümayəndələri "Bloomberg"ə bildiriblər ki, neftin qiymətinin yanvar ayına nisbətən 70 faiz bahalaşması ötən ilki proseslərin təkrarıdır. O zaman "Brent" neftinin bie bareli yazda 68 dollara qalxsa da, mayda ciddi eniş müşahidə olunmuşdu. BNP və UBS ekspertlərinin fikrincə, yaxın həftələrdə neftin qiyməti 30 dollaradək ucuzlaşa bilər.
"Bloomberg" neftin bahalaşmasına Nigeriya, İraq və Küveytdə neft sənayesi işçilərinin tətil etməsi faktının təsir göstərdiyini bildirir. Ekspertlər həm də şist nefti faktoruna diqqət çəkirlər. "BNP Paribas"ın eksperti hesab edir ki, qiymətlərin bahalaşması ABŞ-da şist nefti hasil edən şirkətləri həvəsləndirə bilər.