Məktəblilərin Əlifba bayramı sevinci - REPORTAJ

Əlifba. Bütün elmlərə aparan yolların açarı. Böyük sevinclə, bəslədiyi ümidlərlə, qurduğu xəyallarla, ürəyində baş qaldıran arzularla övladının əlindən tutub məktəbdə ilk zəngi səbirsizliklə gözləyən valideynlər, indi həmin körpə balaların əziz bayramına yığışıblar. Böyük həyəcanla övladının özünü necə aparacağını, necə çıxış edəcəyini gözləyirlər.

 

“Əlifba bayramı”nın qeyd edilməsi məktəblərimizdə gözəl ənənəyə çevrilib. Biz birincilərin ilk dəfə səhnədə tamaşaçılar qarşısında çıxışlarının şahidi oluruq. Bakının Hövsan qəsəbəsindəki 196 saylı orta ümütəhsil məktəbinin birinciləri də həm həyəcanlı, həm də sevinclidirlər.

 

Budur, birincilər, hərflərlə, rəqəmlərlə, dərsliklərlə, əllərində dövlətimizin üçrəngli bayrağı, döşlərində "Əlifba" yazılmış lentlərlə, inamlı addımlarla bayram iştirakçılarının qarşısına çıxırlar. Dövlət Himninin oxunuşundan sonra açılış başlanır.

 

Dilimizin, Vətənimizin şərəfinə şeirlər səslənir.

 

Sonra növbə aparıcı ilə "Əlifba"ya verilir. Şagirdlər, səslərdən, sözlərdən tutmuş hər bir dərsliyin elmi gücü haqqında, rəqəmlərin əhəmiyyətinə aid bir-birindən maraqlı çıxışlar edirlər.

 

Sonra sıra "Nağıllar aləmində səyahət"ə verilir. Burada "Qırmızı papağ"ı, "Cırtdan"ı, "Qoğalı", heyvanlar tərəfindən aldadılmış canavarı, "Tıq-tıq xanım"ı, padşahın qarnını yırtmış xoruzu və "Turp" nağılını da da görmək olar.

 

Bayramı rəqssiz təsəvvür etmək çətindir.

 

Sonra mahnılar bir-birini əvəz edir.

 

Bayram sanki birincilərin nələrə qadir olduqlarının nümayişi idi.

 

“Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir.  Birincilər bu gün həyatda ən vacib addımlardan birini atırlar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar. Həmsöhbətimiz olan birincilər özləri də belə deyir.

 

"Oxuyuruq, yazırıq, şerlər öyrənirik".

 

"Gələndə hərfləri bilmirdim, indi sərbəst yazıram oxuyuram, məktəbi və müəlliməmi sevirəm".

 

"Mən də yaxşı oxuyuram, ən çox riyaziyyatı sevirəm, böyüyəndə müəllimə olacam"

 

Səhnənin gözəl bəzədilməsi, zalın bədii tərtibatı, kompyuter effektləri ciddi hazırlıq işlərinin aparılmasından xəbər verir. Uşaqların geyindikləri paltarlar çox diqqətlə və həvəslə seçilib.

 

Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdirirlər. 

 

Bu yolda onlara uğurlar arzulayırıq!

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı