"Koroğlu" stansiyası yaxınlığında avtobusların xaotik hərəkəti aradan qaldırılır - YENİ SİSTEM
Bakı Metropoliteninin "Koroğlu" stansiyası ətrafında sıxlığı aradan qaldırmaq üçün Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu ilkin pilot layihənin əsas məqsədi həmin istiqamətdə təhlükəsizliyi təmin etmək və yaranmış xaotik vəziyyəti aradan qaldırmaqdır.
"Artıq "Koroğlu" stansiyasının önündə siz bu hərəkətin tam nizamlandığını görəcəksiz. Bunun bariz nümunəsi bütün avtobusların gördüyünüz əraziyə toplanmasıdır. Avtobuslar üçün lövhələr qoyulub. Sərnişinlər çox rahat şəkildə, həmin lövhələrdə getmək istədikləri istiqamətlərə marşrut xətlərini görə və marşrut xətləri üzrə hərəkət edə bilərlər. Əvvələr böyük problemlərdən biri avtobusların qoşa xətti keçərək yol ötürücülərinin üzərinə çıxması idi. İndi o problem də aradan qaldırılır, avtobusların artıq hərəkəti tam tənzimlənir. Taksilər və avtobuslar eyni dayanacaqda dayanırdı, indi isə onların hər biri ayrı-ayrı məkanlarda onlar üçün ayrılmış yerlərdə saxlanılacaq".
Nuridə Allahyarova bildirib ki, gələcəkdə hərəkətin sıx olan bütün istiqamətlərində Nəqliyyatın Mübadilə Mərkəzi yaradılacaq. Bundan başqa o , qeyd edib ki, gələcəkdə təkmilləşdirmə və optimallaşdırma işləri aparılacaq sərnişinlər üçün daha rahat olsun deyə onların gedəcəyi istiqaməti müəyyən edən nişanlar vurulacaq .
"Əlavə olaraq qeyd edək ki, 160, 171, 172, 139 və 189, marşrut xətləri də Qara Qarayev istiqamətində son dayanacaq etməyəcəklər. Oradakı sıxlığın aradan qaldırılması üçün ən optimal variant o avtobusların məhz bu dayanacaqda, "Koroğlu" stansiyasının önündəki Nəqliyyatın Mübadilə Mərkəzində toplanmasıdır".
Yeniliklərdən biri də burada quraşdırılan turniketlərdir. "Bakı kart" vasitəsi ilə avtobuslarda deyil, bu turniketlər vasitəsi ilə ödəniş edərək rahat şəkildə mənzil başına çatmaq mümkün olacaq. Bu isə avtobuslarda sıxlığın arada qaldırılmasına yardım göstərəcək.
Nuridə Allahyarova əlavə edib ki, bu tip layihələrin davan etdiriləcəyini deyib: "Nəqliyyatın Mübadilə Mərkəzi həm də "Bakubus"ın 1 nömrəli avtobusun son dayanacağıdır. Biz pilot layihə olaraq "Bakubus" üçün də ilk layihəni buradan başladıq. "Bakubus" avtobuslarında "Bakı kart" vasitəsi ilə nağdsız ödəmələr təşkil olunur".