Bakıda yolu keçmək istəyən əlili maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Şıxəli Qurbanov küçəsində, Xarici İşlər Nazirliyinin qarşısında qeydə alınıb.

 

Rauf Tağıyevin idarə etdiyi "Nissan" markalı maşın əlil arabasında yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Kərəm Nazim oğlu Veysəlovu vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan piyada çağırılan təcili yardım maşını ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Hadisəni törədən sürücü əraziyə gələn polislər tərəfindən saxlanılaraq ifadəsinin alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb.

 

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin 20 metr yaxınlığında qeydə alınıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv