Zaqatalada polis kapitanına sui-qəsd: otağında qumbara partladı
Zaqatalada sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı yaralanıb.
APA TV-nin məlumatına görə, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda, Zaqatala rayon Polis Şöbəsinin Əliabad qəsəbə üzrə sahə müvəkkili vəzifəsində çalışan, polis kapitanı Zaqatala rayonu Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında partlayış baş verib.
Partlayışdan sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının APA TV-yə verdiyi məlumata görə, sahə müvəkkili Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman birdən partlayış baş verib. Nəticədə iş otağına ciddi ziyan dəyib, Rövşən Baliyev isə çoxsaylı qəlpə yaraları alıb. Xəsarət alan Rövşən Baliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Hüquq-mühafizə orqanı əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, hələlik istintaqa məlum olmayan şəxs və yaxud şəxslər sahə müvəkkilinin otağı yerləşdiyi binanın çardaq hissəsindən otağa daxil olaraq oraya əl qumbarası yerləşdiriblər. Sahə müvəkkili qapını açan zaman əl qumbarası partlayıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Xoşbəxtlikdən partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb.
Zaqatala RMX-dan bildirilib ki, qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olan Rövşən Baliyevin yaraları cərrahiyə yolu ilə işlənilib. Rövşən Baliyev müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki müvafiq xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.