Gəncədə ər arvadının boğazını kəsdi
Gəncədə kişi həyat yoldaşının boğazını kəsib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Şəhər sakini, 1969-cu il təvəllüdlü Rəfiqə Musayeva həyat yoldaşı Rasim Musayev tərəfindən iş yerinin yaxınlığında bıçaqlanıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Boğaz nahiyəsinin kəsilmiş və kürək nahiyəsinin 8 ədəd kəsilmiş-deşilmiş yarası xəsarəti alan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Rəfiqə Musayevanın qardaşı Nizami Bağırov bildirib ki, bacısının həyat yoldaşı Rasim Musayev spirtli içki düşkünüdür. Onun bir neçə dəfə bacısını hədələdiyini deyən Nizami Bağırov polisə bu barədə məlumat verildiyini də deyib: "Mən 102-yə zəng etdirmişəm. Sonra polislər gəlib. 4 polis gəldi. Dedim ki, bu adam kriminal adamdır. Hədələyir, bu gecə onu öldürəcək. Yatmışam bacımgildə, qorumuşam onu. Hərbi polisdə işləyir özü. İşə gedəndə mağazanın qabağında bıçaqlayıb".
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb. Cinayəti törədən Rasim Musayev artıq saxlanılıb.