Səfəvilər dövlətinin döyüş bayrağı Astara sakininin evində qorunur - REPORTAJ

Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin Azərbaycanın cənub bölgəsində olmasına dair faktlar bir sıra tarixi mənbələrdə əks olunub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, bunu sübut edən daha bir dəlil isə Astarada Səfəvilərin döyüş bayrağının tapılmasıdır.

 

Rayonun Şiyəkəran kənd orta məktəbinin müəllimi, həvəskar tarixçi Yunus Qulamovun sözlərinə görə, həmin bayraq onların ailəsində 6 nəsildir ki, qorunub saxlanmaqdadır: "Bu möcüzəli əşyanın üzərində ərəb əlifbası ilə İslamın müqəddəs şəxsiyyətlərinin - 12 imamın və iki məsumənin adları həkk olunub. Bundan əlavə, bayrağın üzərində “Səfiyulla” sözü yazılıb. Burada həm İslam, həm də atəşpərəstlik elementlərinə rast gəlirik. Bayrağın üzərində həmçinin Simurq quşunun da təsviri öz əksini tapıb".

 

Yunus Qulamov bildirib ki, bayraq hələ XVIII əsrin sonlarında kənddə ulu babaları tərəfindən tapılaraq nəsildən-nəsilə yadigar saxlanılıb. Vaxtilə Səfəvilərin qərargahının Şiyəkəran kəndində yerləşməsi faktı isə müxtəlif məxəzlərdə də göstərilib: "Babalarımız bayrağı təsadüfən tapdıqları küpün içərisində aşkarlayıblar. Zərgərlərin qənaətinə görə, bayraq gümüşlə misin qarışığından hazırlanıb".

 

Yunus müəllimin sözlərinə görə, bayrağın üzərindəki qılınc izləri, zərbədən parçalanması onun həqiqətən də döyüş bayrağı olduğunu bir daha təsdiqləyir: "Bayraq, göründüyü kimi, o vaxtlar bir neçə dəfə qılınc zərbələrinə məruz qalıb. Lakin birinci dəfə onu öz materialı ilə yenidən bərpa ediblər. Lakin ikinci dəfə vurulmuş qılınc zərbələrinin nəticəsini isə görünür ki, eyni ilə bərpa etmək mümkün olmadığından, sınıq yerlərini başqa metal vasitəsilə bitişdiriblər. Diqqət yetirdikdə, açıq-aşkar bunu fərqləndirmək olur. Sonralar isə çox güman ki, bayraq daha döyüşlərdə istifadə olunmayıb. İnsanlar ondan yalnız dini mərasimlərdə ələm kimi istifadə ediblər".

 

Bayrağın üzərində həmçinin Şeyx Səfi butalarının elementləri də açıq-aşkar görünür. Diqqəti çəkən daha bir məqam da ondan ibarətdir ki, sənətşünaslıq doktoru Kərim Kərimovun “Azərbaycan miniatürləri” kitabında Səfəvi hökmdarı II Təhmasibin dövründə çəkilən illüstrasiyalardakı döyüş səhnələrində də bu bayraq öz əksini tapıb.

 

Yunis Qulamovun sözlərinə görə, sözügedən bayrağa mütəxəssislər də baxıb və onun həqiqətən də Səfəfilər dövlətinin döyüş bayrağı olduğunu təsdiqləyiblər: "Hal-hazırda Bayraq Muzeyində bu bayrağın yarımçıq variantı nümayiş etdirilir. Orada bunun üst hissəsi yoxdur".

 

Yunus müəllimin qənaətincə, tarixi yaddaşımızın bir parçası kimi nəsillərdən-nəsillərə ötürülən Səfəvi dövlətinin döyüş bayrağının mütəxəssislər tərəfindən ciddi tədqiq olunması Azərbaycan tarixinin qaranlıq səhifələrinin üzə çıxmasına kömək etmiş olardı.

Müəllif | Apa.Tv