Cəlilabadda 3 otaqlı ev yandı
Cəlilabadda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə mayın 2-də rayonun Porsova kənd sakini Mübariz Tağıyevə məxsus 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb.
Anidən baş verən partlayışdan sonra başlayan yanğın tezliklə bütün otaqlara yayılıb. Ev sahibləri yanğından vaxtında xəbər tutaraq evi tərk edə bildiyindən, xəsarət alan olmayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Onların səyləri nəticəsində evə bitişik olan tövlə və 40 baş xırdabuynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın nəticəsində ümumi sahəsi 72 kv. metr olan ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan qaynaqlanıb.
Faktla bağlı araşdırma aparılır.