Ermənistanda ali məktəbə qəbul olunanlar əsgərliyə aparılacaq
Ermənistanda ali məktəbə qəbul olunanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ləğv edilə bilər.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, analoji qanunvericilik təşəbbüsü ilə "İrs" fraksiyasının üzvü Tevan Poqosyan çıxış edib.
T.Poqosyanın sözlərinə görə, layihə ilə bağlı hər hansı etiraz olmasa da, bu məsələdə siyasi konsensus əldə olunmasına ehtiyac var. Bu arada cəbhənin ön xəttində yalnız aztəminatlı ailələrdən olan çağırışçıların xidmət etməsi məsələsinin aktual olduğu bir vaxtda Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu faktın səbəbini zəngin ailələrdən olanlara ali təhsil almaq üçün möhlət hüququnun verilməsi ilə izah edib. T.Poqosyan qeyd edib ki, möhlət hüququnun ləğvi həm də bu sahədə mövcud olan korrupsiya hallarının azalmasına və elm sahəsinin inkişafına xidmət edəcək.
Yeni təklif olunan layihəyə görə, hərbi xidmətdən möhlət hüququnun verilməsi yalnız beynəlxalq elm olimpiadalarında yüksək nəticələr əldə etmiş tələbələrə şamil oluna bilər. Respublika partiyasının üzvü Şirak Torosyanın fikrincə, hərbi xidmətdən möhlət verilməsinin ləğvi korrupsiya ilə mübarizədən daha vacib məsələdir. O, hesab edir ki, bu, həm milli təhlükəsizlik, həm də sosial bərabərliyin təmin olunması baxımından da əhəmiyyət daşıyır.
Ş.Torosyan qeyd edib ki, hazırda yaranan vəziyyətlə əlaqədar ali təhsil almaq üçün möhlət hüququnun verilməsi məqsədəuyğun hesab oluna bilməz.