Tovuzda məktəbdə güclü yanğın: 100-ə yaxın şagird təxliyə olundu

Tovuz rayonunda orta məktəb binasında yanğın baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, yanğın Alakol kənd orta məktəbinin yeni binasında qeydə alınıb.

 

Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və 20-yə yaxın canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Tovuz rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, alov məktəbin 400 kv. m sahəsini yararsız hala salıb.

 

220 yerlik məktəb binasında 16 sinif otağı var. Burada 300 şagird iki növbədə təhsil alır. Yanğın zamanı binada ikinci növbədə təhsil alan 100-ə yaxın şagird olub. Onlar yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

 

Hazırda yanğının səbəbləri araşdırılır.

 

Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumata görə, Tovuz rayonunun Alakol kəndində Nurəddin Sadıqov adına ümumi sahəsi 400 kv. m olan birmərtəbəli orta məktəbin dam örtüyünün yanar konstruksiyaları 400 kv. m və sinif otaqları 250 kv. m sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Azər Məmmədli