Hacıqabulda bir ailə qəzaya düşdü: maşın aşdı

Hacıqabulda baş verən qəzada eyni ailədən 5 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün saat 21.00 radələrində Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş verib.

 

Bakı şəhər sakini, 30 yaşlı Arzu Vahid oğlu Qurbanovun idarə etdiyi “Hyundai ix35” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, sürücünün həyat yoldaşı, 28 yaşlı Asimə Asim qızı Qurbanova, onların 4 aylıq övladı Vahid Arzu oğlu Qurbanov sınıq və digər xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ailə üzvlərindən ikisi - 3 yaşlı Dəniz Arzu qızı Qurbanova və digər sərnişin isə yüngül xəsarətlər alıb.

 

İlkin ehtimala görə, hadisəyə yağışlı hava səbəb olub.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv