Neftin qiyməti 46 dollar ətrafında sabitləşir
Dünya bazarında neftin qiyməti 46 dollar ətrafında sabitləşmək üzrədir. APA TV-nin məlumatına görə, OPEK ölkələrində neft hasilatının artması xəbərləri bazara neqativ təsir edib. Bu gün birjaların səhər seanslarında neftin qiyməti 45,70 dollara kimi aşağı düşüb. Sonradan neft cüzi də olsa bahalaşmağa başlayıb. Hazırda “Brent” markalı neftin 1 bareli 46,19 dollardan satılır ki, bu da dünənki qiymətdən xeyli ucuzdur. Qərbi Texas nefti də son dörd ayın maksimum qiymətinə çatdıqdan sonra ucuzlaşmaq üzrədir. Birjalarda WTİ neftinin 1 bareli 45 dollardan təklif olunur. Dolların uçot dərəcəsinin olduğu kimi saxlanması, OPEK ölkələrində hasilatın artması, dünyanın inkişaf etmiş ölkələrində iqtisadi artımın gözlənilən səviyyədə olmaması neftin qiymətinin aşağı düşməsinə təsir göstərən əsas amillər hesab olunur.